Maddə 155.

Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi

 
155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.
Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.
155.1-1. Bu Məcəllənin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
155.2. Qeyri-rezidentin mallar göndərməsi, işlər görməsi və xidmətlər göstərməsi bu Məcəllənin 155.1-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyatların ümumi dəyəri müəyyən edilərkən yalnız o zaman nəzərə alınır ki, onlar Azərbaycan Respublikasındakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilmiş olsun.
155.3. Bu Məcəllənin 154.5-ci maddəsində göstərilən şəxs, bu Məcəllənin 155.1-ci maddəsində müəyyən edildiyi halda, yaxud iştirakçı ƏDV-nin məqsədləri üçün vergi ödəyicisi olduğu halda, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs qeydiyyata alınmaq üçün ərizə verməyə borcludur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.