Maddə 150.
Ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası
150.1. Vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar:
150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər;
150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər;
150.1.3. dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər;
150.1.4. hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər;
150.1.5. fiziki şəxslərə və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxslərə faizlər ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər;
150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər.
150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər, fərdi sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər;
150.1.8. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar;
150.1.9. fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci, 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın əldə olunması barədə şəhadətnamələr (fərdi sahibkarın üzərinə həbs qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakının tələbkar (ipoteka saxlayan) tərəfindən əldə edilməsi ilə bağlı verilən şəhadətnamələr istisna olmaqla) verən notarius;
150.1.10. idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxs;
150.1.11. idman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank və digər ödəniş hesabının olduğu yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı;
150.1.12. hüquqi şəxslərə və fərdi sahibkarlara bank və digər ödəniş hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli ödəniş xidməti təchizatçıları və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı;
150.1.13. aşağıdakılar istisna olmaqla, fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən elektron hərracların operatoru:
150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak;
150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər;
150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər;
150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi;
150.1.13.5. verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı çıxış etdikdə ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilməsi.
150.1.14. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar;
150.1.14-1. Bu Məcəllənin 101.6-1-ci maddəsində nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
150.1.15. vergi orqanında uçotda olmayan fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişləri həyata keçirən şəxslər;
150.1.16. vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli ödəniş xidməti təchizatçıları və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı;
150.1.17. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu;
150.1.18. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya təşkilatları ilə bağlanmış mülki-hüquqi müqavilələr əsasında fəaliyyət göstərən mediatorlar tərəfindən göstərilən mediasiya xidməti ilə bağlı mediatorlara ödənişi həyata keçirən mediasiya təşkilatı.
150.2. Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər, sahibkarlar və vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər:
150.3.1. bu Məcəllənin 150.1.1-ci, 150.1.2-ci, 150.1.8-ci, 150.1.14-1-ci, 150.1.17-ci və 150.1.18-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə;
150.3.2. bu Məcəllənin 150.1.3-150.1.7-ci maddələrinə uyğun olaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə;
150.3.3. bu Məcəllənin 150.1.1 - 150.1.8-ci, 150.1.14-1-ci, 150.1.17-ci və 150.1.18-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutan şəxslər ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.
150.3-1. Notarius, ixtisaslaşdırılmış hərrac təşkilatları və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən elektron hərraclarda elektron hərracların operatoru bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.
Notarius fərdi sahibkarın üzərinə həbs qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakının tələbkar (ipoteka saxlayan) tərəfindən əldə edilməsi ilə bağlı əməliyyatlar üzrə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsində nəzərdə tutulan şəhadətnamənin verildiyi gündən 10 (on) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada məlumatı vergi orqanına təqdim etməlidir.
Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin daşınmaz əmlakı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamə əsasında tələbkar (ipoteka saxlayan) tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi notarius tərəfindən tələbkardan (ipoteka saxlayandan) tutulur.
150.3-2. Bu Məcəllənin 150.1.10-cu və 150.1.11-ci maddələrində göstərilən şəxslər bu Məcəllənin 101.5-ci maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.
150.3-3. bu Məcəllənin 150.1.12-ci maddəsində göstərilən şəxslər bu Məcəllənin 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank və digər ödəniş hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.
150.3-4. Bu Məcəllənin 150.1.14-cü maddəsində göstərilən şəxslər bu Məcəllənin 101.6-cı maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.
150.3-5. Fərdi sahibkarın üzərinə həbs qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakının tələbkar (ipoteka saxlayan) tərəfindən əldə edilməsi zamanı fərdi sahibkarlar bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.
150.3-6. Bu Məcəllənin 150.1.15-ci və 150.1.16-cı maddələrində göstərilən şəxslər bu Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini büdcəyə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.
150.4. Vergi ödəyicisinin iş yerində vergi agenti aylıq gəlir üzrə vergi tutmağa borcludur. Vergi ödəyicisi bu Məcəllənin 149.5-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmirsə, tutulmuş vergi gəlir vergisinin tam məbləği sayılır.
150.5. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir:
150.5.1. vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının ödəniş xidməti təchizatçısı tərəfindən icraya qəbul edildiyi vaxt;
150.5.2. vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) vaxt;
150.5.3. vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrindən pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının ödəniş xidməti təchizatçısı tərəfindən icra edildiyi vaxt.
150.6. Bu Məcəllənin 150.3.3-cü və 150.3-1 - 150.3-6-cı maddələrində göstərilən vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə,yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə bu Məcəllənin 150.3.3-cü və 150.3-1 - 150.3-6-cı maddələrində göstərilən müddətlərdən gec olmamaq şərtilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.