Maddə 14-2.

Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi

 
14-2.1. Vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti aşağıdakı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunur:
14-2.1.1. Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə və;
14-2.1.2. nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa və;
14-2.1.3. xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:
14-2.1.3.1. maliyyə aktivlərindən əldə edilən faiz;
14-2.1.3.2. əqli mülkiyyətdən əldə edilən royalti;
14-2.1.3.3. səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir;
14-2.1.3.4. maliyyə lizinqindən əldə edilən gəlirlər;
14-2.1.3.5. sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər;
14-2.1.3.6. heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.
14-2.2. Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası, habelə nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
14-2.3. Bu maddəyə uyğun olaraq nəzarət olunan xarici müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb edilərkən eyni vergitutma obyektindən iki dəfə vergilərin hesablanmasına yol verilmir və həmin mənfəətdən ödənilən (tutulan) vergi məbləği nəzərə alınır.
14-2.4. Nəzarət olunan xarici müəssisədən əldə edilən aşağıdakı gəlirlər nəzarət olunan xarici müəssisənin vergitutulan gəlirlərinə aid edilmir:
14-2.4.1. nəzarət olunan xarici müəssisədən əldə edilən dividendlər;
14-2.4.2. rezident müəssisə nəzarət olunan xarici müəssisənin törəmə müəssisəsi olduqda, nəzarət olunan xarici müəssisənin ümumiləşdirilmiş (konsolidə edilmiş) mənfəətindən rezident müəssisəyə aid olan vergiyə cəlb olunan mənfəət;
14-2.4.3. nəzarət olunan xarici müəssisənin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi vasitəsilə əldə edilən, habelə Azərbaycan Respublikasında təsis etdiyi müəssisədən əldə olunan və Azərbaycan Respublikasında vergiyə cəlb olunmuş gəlirlər.
 
II fəsil. Vergi ödəyicisi. Vergi agenti
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.