Maddə 125.
Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması
125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:
125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;
125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq;
125.1.3. rezident müəssisəsinin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz;
125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir;
125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz;
125.1.6. rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə;
125.1.7. icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) - bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq;
125.1.8. idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – bu Məcəllənin 101.5-cı maddəsinə uyğun olaraq.
125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz.
125.1-1. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının yerli filialı həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
125.2. Bu maddənin məqsədləri üçün qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödəmələr rezident müəssisənin ödəmələrinə bərabər tutulur.
125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır.
125.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin və qeyri-rezident futbol klublarının dividend və faiz gəlirlərinə, habelə UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA-nı təmsil edən qurumların dividend gəlirlərinə bu maddənin müddəaları tətbiq edilmir.
125.5. Mülki aviasiya fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən bu fəaliyyətin məqsədləri üçün Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərdən icarəyə və ya lizinqə (maliyyə lizinqi istisna olmaqla) götürülmüş hava gəmisinə və hava gəmisinin mühərrikinə görə aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur və həmin gəlir vergiyə cəlb edilmir.