Maddə 482.
Ərizənin forması və məzmunu
482.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir.
482.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
482.2.1. ərizənin verildiyi məhkəmənin adı;
482.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;
482.2.3. qərarı qəbul etmiş arbitraj məhkəməsinin tərkibi;
482.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə edirsə);
482.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri;
482.2.6. müraciət edən şəxsin arbitraj məhkəməsinin qərarını aldığı tarix;
482.2.7. müraciət edən şəxsin tələbi və onu əsaslandırdığı hallar;
482.2.8. əlavə edilən sənədlərin siyahısı.
482.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
482.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
482.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar;
482.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi;
482.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;
482.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər;
482.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
482.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;
482.4.7. ərizənin surəti.
482.5. Ərizənin bu Məcəllənin 482-ci maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-ci, 152.1.3-cü, 152.1.5-ci və 152.1.9-cu maddələri ilə müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur.