Maddə 475.
Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icrası barədə ərizə
475.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir.
475.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
475.2.1. ərizənin verildiyi məhkəmənin adı;
475.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;
475.2.3. qərarı qəbul etmiş xarici arbitraj məhkəməsinin tərkibi;
475.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə etmişdirsə);
475.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri;
475.2.6. arbitraj məhkəməsi qərarının tanınması və icrası tələbi;
475.2.7. əlavə edilən sənədlərin siyahısı.
475.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
475.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
475.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar;
475.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi;
475.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;
475.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər;
475.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
475.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;
475.4.7. ərizənin surəti.