Maddə 424.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları
424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.
424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;
424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;
424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası yoxdursa;
424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa;
424.2.5. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa;
424.2.6. kasasiya instansiyası məhkəməsinin qərarı bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşsa.