Maddə 403-1.

Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması

 
403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər.
403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır.
403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar.
403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən:
403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər;
403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər.
403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən:
403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;
403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.
403-1.10. Bu Məcəllənin 403-1.8-ci və 403-1.9-cu maddələrinə uyğun olaraq çıxarılmış qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 3 gün müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.