Maddə 387.

Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

 
387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:
387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa;
387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;
387.2.3. işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa;
387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;
387.2.5. qətnamə və ya qərardad onda göstərilən hakim tərəfindən imzalanmamışdırsa;
387.2.6. qətnamə və ya qərardad işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə;
387.2.7. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa;
387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;
387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.
387.3. Bu Məcəllənin 387.2.1—387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.