Maddə 271.
Protokolun məzmunu
271.1. Protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir.
271.2. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir:
271.2.1. məhkəmə iclasının ili, ayı, günü və yeri;
271.2.2. məhkəmə iclasının başlanma və qurtarma vaxtı;
271.2.3. işə baxan məhkəmənin adı, hakim, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi;
271.2.4. işin adı;
271.2.5. işdə iştirak edən şəxslərin, nümayəndələrin, vəkillərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar;
271.2.6. işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri);
271.2.7. işdə iştirak edən şəxslərə, nümayəndələrə, habelə tərcüməçiyə, ekspertlərə, mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin bildirilməsinə və ya elan edilməsinə dair məlumatlar;
271.2.8. sədrlik edənin sərəncamları və iclas zalından çıxmadan məhkəmə tərəfindən çıxarılmış qərardadlar;
271.2.9. işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları;
271.2.10. şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin izahları;
271.2.11. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar;
271.2.12. dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri;
271.2.13. məhkəmə çıxışlarının məzmunu;
271.2.14. qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar;
271.2.15. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair məlumatlar;
271.2.16. protokolun tərtib olunma tarixi.
271.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmənin mülahizəsinə əsasən protokolu tərəflər imzalaya bilərlər.