Maddə 235.
Dərhal icra olunmalı qətnamələr
235.1. Aşağıdakı qətnamələr dərhal icra edilməlidir:
235.1.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
235.1.2. işçiyə əmək haqqı ödənilməsi haqqında;
235.1.3. dövlət orqanları aktlarının etibarsız hesab edilməsi, habelə barışıq sazişini təsdiq edən iqtisad məhkəməsinin qərardadları;
235.1.4. qanunda müəyyən edilmiş digər hallarda.
235.2. Hakim tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda qətnaməni dərhal icraya yönəldə bilər.
235.3. Qətnamənin dərhal icra edilməsinə yol verildikdə, məhkəmə qətnaməsi ləğv edildiyi halda, hakim onun icrasının dönüşünün təmin edilməsini tərəfdən tələb edə bilər.
235.4. Qətnamənin dərhal icra edilməsinə yol vermək haqqında məsələyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qətnaməsini dərhal icra etmək haqqında məsələni həll etməyə mane olmur.
235.5. Qətnamənin dərhal icra edilməsi haqqında məhkəmə qərardadından ºikayət verilə bilər. Qətnaməni dərhal icra etmək haqqındakı qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.