Maddə 169.
Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması
169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır.
169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır.
169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.