Maddə 167.
İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri
167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir:
167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir;
167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir;
167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir;
167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir;
167.1.5. mübahisəni həll etmək üçün tərəflərin arbitraj məhkəməsinə müraciət etmək hüququnu və bu hərəkətin nəticələrini onlara izah edir;
167.1.5-1. tərəflərə mübahisənin mediasiya vasitəsilə ilə həllinə dair təklif verir;
167.1.6. tərəflərin barışması üçün tədbirlər görür;
167.1.7. işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verir;
167.1.8. şahidlərin çağırılması məsələsini həll edir;
167.1.9. tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir;
167.1.10. Bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutlar tələb edir;
167.1.11. təxirə salınmamalı hallarda işdə iştirak edən şəxslərə xəbər verməklə maddi və yazılı sübutların yerində müayinəsini aparır;
167.1.12. məhkəmə tapşırıqları göndərir;
167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür.
167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.