Maddə 161.
Müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi
161.1. İşdə iştirak edən şəxsin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsinə əsasən müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir.
161.2. Arbitraj mübahisəsi tərəfləri müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər, habelə arbitraj icraatının başa çatması və mübahisəni mahiyyəti üzrə həll edən yekun arbitraj qərarının çıxarılması barədə məhkəməyə dərhal məlumat verməlidirlər. Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi barədə qərardad qəbul edə bilər.
161.3. Müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər və ya arbitraj mübahisəsi tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi müvəqqəti təminat tədbirinin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur.
161.4. Pul məbləğinin alınması haqqında iddia təmin edildikdə cavabdeh yol verilmiş təmin tədbirləri əvəzinə iddiaçı tərəfindən tələb olunan məbləği məhkəmənin depoziti hesabına verməyə haqlıdır.