Maddə 101.

Ekspert rəyi

 
101.1. Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir.
101.2. Ekspertizanın aparılmasını bu Məcəllənin 101.1-ci maddəsində göstərilən müddətlərdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə məhkəməyə dərhal məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti məhkəmə ilə yazılı formada razılaşdırılır.
101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.
101.4. Məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzadılır.
101.5. Ekspertin həmin vəsatəti bu Məcəllənin 101.4-cü maddəsində nəzərdə tutulan müddətdə təmin edilmədikdə məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadını icra olunmadan geri qaytarmaq hüququna malikdir.
101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.
101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
101.8. Bu Məcəllənin 101.1-ci və 101.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət etmədikdə məhkəmə ekspertizası idarəsi məhkəmə tərəfindən yüz manat məbləğində cərimə edilə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.