Maddə 10.

Məhkəmə baxışının aşkarlığı

 
10.1. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır.
10.2. Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.
10.3. İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.
10.4. Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.
10.5. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.
10.6. Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılır.
10.7. Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır.
10.8. İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar.
10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
10.9. İşdə iştirak edən şəxslər və açıq məhkəmə iclasında olan digər şəxslər yerlərindən məhkəmə baxışının gedişatına dair qeydlər apara bilərlər. Məhkəmə iclasının kino və foto çəkilişinin, habelə videoyazısının, birbaşa radio və televiziya translyasiyasının aparılmasına yalnız iş üzrə işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir.
10.10. Şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
10.11. Məhkəmə aktları bütün hallarda açıq elan edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.