Maddə 148.

Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı

 
148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.
148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
148.2-1. Hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarış notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir.
148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.
148.4. İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.