Maddə 1089.
İcraçının məsuliyyəti
1089.1. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.
1089.2. İşlərin aparılmasından məqsəd sahibkarı yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda, icraçının məsuliyyəti qəsd və kobud ehtiyatsızlıq üçün məsuliyyətin hədləri ilə məhdudlaşır.
1089.3. Əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir.
1089.4. İcraçı fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, yalnız hüquqa zidd hərəkətlər və əsassız varlanma haqqında müddəalara uyğun məsuliyyət daşıyır.