Maddə 1051.
Çekin təminatı tələbi
1051.1. Çek yalnız o hallarda verilə bilər ki, çek verənin bankdakı hesablarında vəsaiti və həmin vəsaitə dair çeklər vasitəsilə sərəncam vermək hüququ olsun.
1051.2. Çekin ödənilməsi üçün çek verənin vəsaiti və ya ona verilmiş kredit kifayət etmədikdə bankın çeki ödəməkdən imtina etmək hüququ vardır. Bank təmin olunmamış məbləği ödədikdə isə, çek sahibinin hüquqları ona keçir. Bank çeki tamamilə və ya qismən ödəməkdən imtina etdikdə, aşağıdakı nəticələr baş verməlidir:
1051.2.1. çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş çeki çek verənin əvəzinə imzalamış şəxs birgə borclular kimi, çek məbləğinin ödənilməmiş hissəsinin 6 faizi miqdarında zərərin əvəzini çek sahibinə ödəməlidirlər. Çek sahibinin başqa zərərin əvəzinin ödənilməsi tələbini həyata keçirmək hüququ saxlanılır;
1051.2.2. bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir;
1051.2.3. təmin olunmamış çeki verənin bir il ərzində çeklər verməsinə icazə verilmir və o, özündə olan bütün çek blanklarını dərhal ödəyici banka və müştərisi olduğu bütün başqa banklara qaytarmalıdır. Ödəyici bank bunu yazılı şəkildə dərhal çek verəndən və hesablardakı vəsaitə dair sərəncam verməyə ixtiyarlı olan bütün şəxslərdən tələb etməli və bundan sonra çek verməyi onlara qadağan etməlidir;
1051.2.4. bu tələbdən sonra bir ay müddətində çek verən çek sahibi barədə çek məbləğinin ödənilməmiş hissəsini ödədiyini, habelə bu Məcəllənin 1051.2.1-ci maddəsinə uyğun olaraq zərərin əvəzini ödədiyini, yaxud həmin məbləğlərin tam ödənilməsi üçün ödəyici bankın kifayət qədər vəsaitə malik olması qayğısına qaldığını ödəyici banka sübut edərsə, bu Məcəllənin 1051.2.3-cü maddəsinə uyğun olaraq çeklərin verilməsinin qadağan edilməsinin gələcək üçün qüvvəsi yoxdur.